Ədliyyə Akademiyasının əməkdaşı beynəlxalq təlimdə iştirak edib

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru, dosent Mətanət Əsgərova Özbəkistan Respublikası Ədliyyə Mühakiməsi Akademiyası tərəfindən təşkil olunmuş “Rəqəmsal ədalət mühakiməsi: beynəlxalq standartlar, informasiya təhlükəsizliyi və insan hüquqları” mövzusunda beynəlxalq təlimdə iştirak edib.

Tədbir çərçivəsində müasir ədalət mühakiməsinin aktual istiqamətləri, o cümlədən beynəlxalq standartlar və korrupsiyaya qarşı mübarizə mexanizmləri, məhkəmə sistemində süni intellektin tətbiqi, rəqəmsal kriminalistika və elektron sübutlarla iş, eləcə də həssas qrupların iştirakı ilə işlərin xüsusiyyətləri müzakirə olunub. Xüsusilə rəqəmsallaşma şəraitində cinayət mühakimə icraatının transformasiyası və yeni texnologiyaların tətbiqi zamanı insan hüquqlarının qorunması məsələləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təlimdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və İspaniyadan olan hakimlər, alimlər və ekspertlər iştirak edərək təcrübə mübadiləsi aparıblar. Azərbaycan nümayəndələri ölkəmizin rəqəmsal ədalət mühakiməsi və elektron sübutlar sahəsində qabaqcıl qanunvericilik və praktiki təcrübəsini təqdim ediblər.

04-05-2025

Paylaş: