Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb
Ölkə Prezidenti cənab İlham Əliyevin vəkillərin sayının artırılması, hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun inkişafına dair verdiyi tövsiyələr çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) üzvlüyə qəbul prosesini ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Bu işin məntiqi davamı olaraq yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran 71 namizəd üçün 2026-cı il mayın 25-dən etibarən Ədliyyə Akademiyasında icbari təlimlərə start verilib.
Təlim proqramı gələcək vəkillərin peşə hazırlığının artırılmasına, praktiki bilik və bacarıqlarının möhkəmləndirilməsinə, vəkillik fəaliyyətinə dair etik və hüquqi tələblərin dərindən mənimsədilməsinə yönəlib.
Təlimin açılış mərasimində çıxış edən VK Rəyasət Heyətinin sədri Anar Bağırov namizədləri qarşıdan gələn müqəddəs Qurban bayramı və 28 May - Müstəqillik Günü münasibətilə təbrik edərək bu mərhələnin peşəkar formalaşma baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Sədr bildirib ki, təlim proqramı yalnız nəzəri biliklərə deyil, həm də praktiki bacarıqların inkişafına, beynəlxalq təcrübənin öyrənilməsinə hesablanıb, habelə məzmunu müasir hüquqi çağırışlara uyğun formalaşdırılıb.
Anar Bağırov vəkilliyə qəbul prosesinə dair ətraflı məlumat verərək deyib ki, test mərhələsi Kollegiya və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə tam şəffaf şəraitdə keçirilir. Şifahi mərhələdə isə videoyazı sisteminin tətbiqi və bütün namizədlərə eyni məzmunlu sualların verilməsi vasitəsilə prosesin obyektivliyi təmin olunur.
Sədr təlimə başlayan namizədlərin tərkibinə dair statistik göstəriciləri də diqqətə çatdıraraq söyləyib ki, 71 iştirakçının 31-i qadın, 40-ı kişidir. Namizədlərin 86 faizi, yəni 61 nəfəri 40 yaşadək olan şəxslərdir ki, bu da vəkillik institutunun getdikcə gəncləşdiyini açıq şəkildə ortaya qoyur. Təlim iştirakçılarının 91 faizi (65 nəfər) paytaxtdan, 9 faizi (6 nəfər) isə regionlardan müraciət edən şəxslərdir.
Həmçinin Anar Bağırov qeyd edib ki, son illər VK-da vəkillərin, vəkil köməkçilərinin və qadın vəkillərin sayında davamlı artım müşahidə olunur, institut cavanlaşır. Növbəti andiçmə mərasimindən sonra ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayının 3 000 nəfəri keçəcəyi gözlənilir ki, bu da vətəndaşların hüquqi yardıma əlçatanlığının artırılması baxımından mühüm göstəricidir.
Son illər Azərbaycan vəkilliyin tarixindən, inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərə toxunan sədr deyib ki, vəkillik institutu ötən dövrlərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu müddətdə yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin əhəmiyyətli dərəcədə genişləndirildiyini, bir sıra nüfuzlu qurumlarla səmərəli tərəfdaşlıq münasibətlərinin qurulduğunu və beynəlxalq hüquqi platformalarda Azərbaycan vəkilliyinin təmsilçiliyinin daha da gücləndiyi qeyd edilib. Vəkillik institutunun təşəbbüslərinə dövlət tərəfindən göstərilən tam dəstəyin bariz nümunəsidir. Eyni zamanda intizam, maliyyə və təşkilati məsələlər üzrə sistemli islahatların həyata keçirildiyi də nəzərə çatdırılıb.
Anar Bağırov dövlət hesabına göstərilən hüquqi yardım mexanizminin genişləndirilməsinin Kollegiyanın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayaraq bildirib ki, bu sahədə həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxış imkanları daha da artırılıb.
Sədr deyib ki, Ədliyyə Akademiyası ilə birgə hazırlanan təlim proqramları praktiki bilik və bacarıqların artırılmasına yönəlik kompleks yanaşma təqdim edir və bu sahədə sistemli, davamlı nəticələr əldə olunmasına zəmin yaradır. Anar Bağırov təlimlərin yüksək peşəkarlıqla təşkil olunduğunu vurğulayaraq göstərilən dəstəyə görə Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə minnətdarlığını ifadə edib.
25-05-2026





