İcra məmurları üçün “İcra fəaliyyətində stressin idarə olunması” mövzusunda təlim keçirilib
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icra məmurları üçün “İcra fəaliyyətində stressin idarə olunması” mövzusunda təlim təşkil olunub.
Təlimin əsas məqsədi icra fəaliyyətində qarşıya çıxan psixoloji təzyiqləri müəyyənləşdirmək, stressin yaranma səbəblərini aşkar etmək və əməkdaşlara stresin idarə olunması ilə bağlı praktiki bacarıqların mənimsədilməsi olub.
Təlim Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin əməkdaşı Şəfəq Ağayeva tərəfindən aparılıb. Təlim zamanı stressin yaranma mexanizmi, onun əmək məhsuldarlığına və sağlamlığa təsiri, eləcə də stresli vəziyyətlərdə davranışın tənzimlənməsi və emosional balansın qorunması yolları ətraflı şəkildə izah edilib.
İnteraktiv formatda keçirilən təlimdə real iş situasiyaları əsasında müzakirələr aparılıb, praktik məşqlər və nümunələr təqdim edilib.
Təlimdə 30 nəfər icra məmuru iştirak edib.
12-02-2026


